Casus paltarında öldürülən qəhrəman
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
Casus paltarında öldürülən qəhrəman – ARAŞDIRMA
İlham Tumas
Hər şey 1954-cü ilin soyuq payızında - noyabr ayının 22-də Münhenin “Alpenplats” meydanının yaxınlığındakı 6 nömrəli evin mətbəxində kişi cəsədinin tapılmasından sonra başladı. Noyabr ayının 20-dən 21-nə keçən gecə öldürüldüyü güman edilən bu şərqli əcnəbinin meyitini polis üç gündən sonra dəfn etməyə icazə verdi...
Evin sahibəsi 80 yaşlı frau Böhm noyabrın 22-də - bazar ertəsi səhər saat doqquz radələrində mətbəxini səliqəyə salarkən küncdəki taxtın altında nəsə yumşaq bir cismin olduğunu hiss edir. Qarı birinci mərtəbədə yaşayan qonşusu frau Rulandı çağırır. Qonşu əlini Osmanlı üslubunda düzəldilmiş taxtın altına uzadır və əlinə ayaq dəyəndə qorxaraq kömək üçün təsadüfən yoldan keçən təqaüdçü Lövi çağırırlar. Löv taxtın altını cib fənəriylə işıqlandırır və buradakı kişi cəsədini çəkib çıxararaq polisə xəbər verir. Xanım Böhm polisə verdiyi ifadəsində ölən adamın Mişel kimi tanıdığı bir əcnəbi olduğunu iddia edir. Çünki qarının sözlərinə görə, mətbəxin açarları yalnız Mişeldə olub və ümumiyyətlə, sonuncu dəfə onu görəndə zavallı özünü çox pis hiss edirmiş. Xanım Böhm nağıl edir ki, Mişel noyabr ayının 20-də həm qonaq otağı, həm də mətbəx kimi istifadə etdikləri həmin evə gəlibmiş. Onlar bir yerdə yemək yeyirlər, xanım Böhm yerinə uzananmamışdan əvvəl, saat təxminən 20-dən azacıq sonra Mişelin yanına başı bədəninə nisbətən diqqət çəkəcək qədər böyük ölçüdə, qısaboylu bir şəxs gəlir. Mişel onu mayor kimi təqdim edir. Onlar azərbaycan dilində danışa-danışa birlikdə yemək yeyirlər, sonra da içki içmək və əylənmək üçün əvvəlcə Leopold-Strabedəki qəhvəxanaya, ardından Bayerslobedə pivəxanaya, nəhayət Rosenhetmer Strabedəki rəqs klubuna gedirlər.
Mişel səhərə yaxın frau Böhmün mənzilinin qapısını döyür. Ev sahibəsi Mişelin sərxoş olduğunu, həm də soyuqdan titrədiyini görüb evdə yatmasını istəyir. Mişel isə onun evdəki iki nəvəsinin hərəsinə iki mark verib, çox kədərli şəkildə, az qala ağlaya-ağlaya mətbəxdəki taxtda yatacağını deyir. Noyabrın 21-də xanım tezdən mətbəxə daxil olur, yatağın səliqəyə salınmadığını görüb taxtın üstünü örtərək, sevimli ət qızartmasını hazırlamağa başlayır...
Bir gün sonrasa artıq danışdığımız hadisə baş verir: taxtın altından kişi meyiti çıxır.
...Xanım Böhmün ifadəsi polisi qane edir. Bəri başdan onu demək lazımdır ki, alman polisinin ağlına meyitin üzünü bu iki xanıma - Böhmə və Rulanda göstərmək gəlmir. Çünki meyit taxtın altından çıxarılanda kişinin pencəyi sürüşüb üzünü örtdüyündən qonşu qadınlar Mişelin üzünü görə bilməmişdilər. Bundan əlavə, cəsədin Ədliyyə Ekspert İnstitutunda ekspertizası da xeyli müəmmalı suallar doğurmuşdu. Məsələnin nə yerdə olmasını tam aydınlaşdırmaq üçün alman ekspertlərinin verdiyi arayışın bəzi məqamlarına nəzər salaq:
“...Cəsəd yarıldı və öldürülməmişdən əvvəl adamın ayıq olub-olmadığını müəyənləşdirmək mümkün olmadı...
Nəticə daha çox öldürülməmişdən əvvəl qurbanın narkotik maddə vasitəsilə huşsuz hala salınması ehtimalına yaxındır...
Patoloji müayinə ölümün səbəblərini bildirir:
Başına çəkiclə vurulmuş, boğulub öldürülmüşdür.
Cəsədin boyu 1.55 m.-dir. Başı bədəninə nisbətən gözəçarpacaq dərəcədə böyükdür”.
Əslində, alman polisini şübhəyə salan məqamlardan biri də məhz cəsədin boyu məsələsi idi. Çünki Mişelin boyu 1.55 yox, bundan nə az-nə çox, düz 11 sm uzun, yəni 1.66 metr idi. Beləliklə, “Alpenlats-6”da tapılan kişi cəsədinin “Stainqader Strabe-7”-də yaşayan Mişelə məxsus olduğu xeyli şübhələr doğururdu. Bütün bunlara baxmayaraq, prokurorluq noyabr ayının 26-da dəfnə icazə verir. Mişel müsəlman mollanın müşayiəti ilə cümə günü dəfn edilir...
“Mişel” kimdir?
Əsl adı və soyadı Mikayıl İsmayılov olan bu adam avqust ayının 8-i 1920-ci ildə Bakıda, azərbaycanlı ailəsində anadan olmuşdu. Böyük Vətən Müharibəsinin ilk günlərində 1941-ci ildə almanlara əsir düşür. Sonra almanlar tərəfdən vuruşmağa razılıq verir və azərbaycanlı, türkmən alaylarından təşkil edimliş 162-ci piyada diviziyasının tərkibinə keçirilir. 1943-cü ildə almanların müharibədə məğlub olacaqlarını anlayıb İtaliya partizanlarının tərəfinə keçir. Beləcə, düz müharibənin axırına qədər birtəhər başını girləyə bilir. 1947-ci ildə Ferrarada bir italyan qadınla evlənir və bu evlilikdən iki övladı dünyaya gəlir.
Ancaq vaxt keçdikcə İsmayılov vətənini, doğmalarını görmək üçün imkanlar axtarır və 1951-ci ildə Azərbaycana qayıtmaq istədiyini bildirir. Onu Napolidə gəmiyə mindirirlər, ancaq SSRİ-yə çatan kimi Sovet gizli xidmətinin tələsinə düşdüyünü anlayır. Heç Azərbaycana buraxılmadan onun qarşısına iki şərt qoyulur: ya Qızıl Ordunun fərari əsgəri kimi edam olunacaq, ya da yenidən Qərbə qayıdıb əvvəlki yoldaşlarından Sovetlərə casusluq etməlidir və yalnız ikinci halda onun yenidən vətənini və doğmlarını görmək şansı var.
Beləliklə, Sovetlərə casusluğa razılıq verən İsmayılov 1953-cü ildə italyan həyat yoldaşının və uşaqlarının yaşadıqları Drezdenə qayıdır. Burada özü də bilmədən Sovet kəşfiyyatının casusu olan Senta Rentse adlı sarışın bir qadının toruna düşür. Saksoniyalı gözəlçə ona vurulur və elə qadın da İsmayılovun qəlbini fəth edir. Hətta bu məhəbbət o qədər güclü olur ki, Mikayıl italyan arvadını və iki uşağını Çempitsdəki oteldə taleyin ümidinə buraxıb bu qadınla aradan çıxır. Bu ifritə casus onu Nürnberqdəki əcnəbilərdən ibarət “Valka” düşərgəsinə gətirir.
Haşiyə:
“Valka” İkinci Cahan Savaşından sonra Almaniyadakı ən böyük düşərgələrdən biri idi. Buraya əsasən qırmızılardan qorxaraq Balkanlardan qaçıb gələnlər, alman ordusunun tərkibində vuruşan köməkçi dəstələrdən yayınanlar, həmçinin “bizim İsmayılov” taleyində olanlar toplaşardılar. Onu da əlavə edək ki, haqqında bəhs etdiyimiz qətl baş verən ərəfələrdə artıq bəzi dairələrdə “Valka”nın əslində, Amerikanın Şərqə qarşı casusyetişdirmə mərkəzi olması heç kəsdə şübhə doğurmurdu.
Beləliklə, İsmayılov “Valka”ya gəlir və burada özünü Georq Müller kimi təqdim edən çox diribaş bir şəxslə ilə tanış olur. Əslində, Georgiy Vladimiroviç adlı bu rus Qırmızı Ordunun kapitanı olmuşdu və məşhur “SMERŞ”in zabitlərindən idi. Müharibədən sonra özünün qeyri-adi bacarığı, radiorabitə sahəsindəki praktik biliyi, həmçinin paraşütdən tullanmanın bacarıqlı mütəxəsisslərindən olduğundan tezliklə Amerikanın xüsusi xidmət orqanlarının işinə yarımışdı. O, himayəsi altında təhsil alan casuslara xəbəralma xidmətlərini, radiocihazlardan istifadəni, paraşütlə tullanmanı nəzəri və praktiki cəhətdən öyrədir, bunların praktikada həyata keçməsinə də şəxsən özü nəzarət edirdi. Bunlardan əlavə, amerikanlar SSRİ sərhəddini o tay-bu taya gizli keçən casusların tapşırıqlara sağ-salamat gedib qayıtmaları üçün onun xidmətindən xeyli bəhrələnirdilər.
İsmayılov da məhz bu adamın vasitəsilə amerikalılar tərəfindən nəzarətə götürülür. Bir neçə həftə düşərgədə qaldıqdan sonra ona Münhenə köçmək icazəsi verildi və burada amerikanlara məxsus büroda özünə xırda bir iş tapdı. 1953-cü ilin avqust ayında sarışın gözəl Senta da Münhenə gəlir və ona Sovet gizli xidmətinin tapşırığını xatırladır, “mərkəz”in informasiya gözlədiyini bildirir.
İsmayılovla Senta bir müddət məktublaşırlar. 1953-cü ilin noyabrında isə Mikayıl casusluqda ittiham olunaraq həbs edilir, iki aya yaxın Neudeskdəki həbsxanada yatdıqdan sonra əleyhinə sübut tapılmır və azadlığa çıxır.
Həbsxanadan çıxan İsmayılov yenidən Stendadner Strabelə köçür və burada bir alman qadınıyla yaxınlıq edir. Qısa müddətdən sonra qadın onu atır. Ruh düşkünlüyünə mübtəla olan Mikayıl ümumiyyətlə, Almaniyadan çıxıb getmək istəsə də, Sovet casuslarının onu izlədiyini bildiyindən səfərini təxirə salır. Artıq Sentanın əvəzinə onu birbaşa Georq Müller kimi tanınan “SMERŞ”in sabiq zabiti Georgiy Vladimiroviç təqib edirdi. 30-35 yaşlarında ortaboylu, dolubədənli, qarasaçlı və çox yaxşı geyinən, mədəni, ancaq alman dilini pis bilən bu adamla hər görüşdən sonra “Mişel”, yəni İsmayılov iki-üç gün özünə gələ bilmirdi.
Məsələ bunda idi ki, “Mişel”i hamı yaxşı insan kimi tanıyırdı. Başqalarının yaman günündə köməyə tələsən, istiqanlı, həmişə qayda-qanunla işinə gedib-qayıdan, azərbaycanlılara xas mərdliklə hər şeyini yoldaşlarına qurban verməyə hazır olan “Mişel” - Mikayıl artıq bu vəziyyətdə ətrafındakı çevrənin get-gedə daraldığını anlayır və anladıqca, narahatlığı daha da artırdı. Bir tərəfdən Bakını və yaxınlarını, doğmalarını görmək istəyi, digər tərəfdən Sovet casuslarının hələlik bizə bəlli olmayan gizli tapşırığı və özünün can qorxusu, nəhayət, dəlicəsinə vurulduğu Sentanın məhəbbəti. Beləcə, bakılı balası İsmayılov iki od arasında vurnuxmaqdaykən Sovet kəşfiyyat orqanlarının ondan nə tələb etdiklərinə keçməzdən əvvəl başqa bir azərbaycanlı - Azərbaycan legionu mövzusunda söhbətlər gedərkən mütləq adı hallanan və hamının Fətəlibəy Düdənginsiki kimi tanıdığı məşhur azərbaycanlı haqda məlumat vermək lazımdır.
Düdənginski kimdir?
İkinci Cahan Savaşında legion problemini araşdıran rus müəlliflərinin və tarixçilərinin əsərlərində azərbaycanlılardan əsasən iki nəfərin adı çəkilir. Bunlardan biri 25 yanvar 1893-cü il təvəllüdlü İsrafilbəy Məhəmmədnəbi oğlu İsrafilbəylidir. Çar ordusunun polkovniki olmuş İsrafilbəy Avropada yaşayan mühacirlərdən olub. 1943-cü ilin yayından 1944-cü ilə qədər Azərbaycan komitəsinin rəhbəri kimi çalışıb. 1943-cü ilin sentyabrından alman ordusunun tərkibindəki 162-ci Türk piyada diviziyasının 314-cü alayına komandirlik edib. 1944-cü ilin yanvar ayının 12-dən Vaffen-ştandartenfürer rütbəsində SS-in Qafqaz birləşməsində “Azərbaycan” döyüş qrupuna rəhbərliyə başlayıb. 1945-ci ilin 17 mayından etibarən Azərbaycan Milli Komitəsində hərbi məsələlər üzrə müşavir təyin olunub. Müharibədən sonra amerikan qoşunları tərəfindən SSRİ-yə təhvil verilib və 1945-ci il iyul ayının 11-də Bakı Hərbi Dairəsinin Tribunalı tərəfindən barəsində ölüm hökmü çıxarılıb, edam olunub. Mənbələrdə və sənədlərdə adı çəkilən ikinci şəxs isə Abo Düdənginski kimi tanınan 1908-ci il təvəllüdlü mayor Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskidir. Azərbaycan Milli Komitəsinin rəhbərlərindən biri olan Əbdürrəhman bəy 1941-ci ildə almanlara əsir düşüb, bundan sonrasa legionerlərin tərkibində 804 saylı Azərbaycan piyada taburuna komandirlik edib. Vermaxtın mayoru kimi 1943-cü ildən Rozenberq tərəfindən tanınan “bütün azərbaycanlıların nümayəndəsi” olub, 1944-cü ildənsə Azərbaycan komitəsinin rəhbəri kimi çalışıb. Müharibədən sonra Münhendə yaşayıb, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin redaktoru olub və 1954-cü ildə Sovet xüsusi xidmət orqanının casusu tərəfindən qətlə yetirilib.
Nəsiman Yaqub “Azərbaycan legionerləri” adlı monoqrafiyasında Əli Əliyevin müəllifi olduğu “Əlincə yaddaşı, Naxçıvan, 1914-1992” kitabına istinadən Düdənginskinin nəsil-nəcabəti haqda xeyli maraqlı məlumatlar verib. Hesab edirəm ki, Düdəngədən Münhenə uzanan ömrün qan-qadalı illərinə keçməzdən əvvəl qəhrəmanımızın soyköküylə bağlı informasiyalarla tanış olmaq daha məqsədəuyğundur.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski əslən Naxçıvanın Şərur rayonundandır. 1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində anadan olub. Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. “Əlincə yaddaşı, Naxçıvan, 1914-1992” kitabında yazılır: “Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi. 1914-1915-ci illərdə onu bir neçə dəfə şəxsən görmüşdüm, boy-buxunlu, saqqallı kişi idi. Səfəvilər 1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus dilini tədris etmişdir. Allah rəhmət eləsin, mən də ondan dərs almışam. Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi idi. Qərəz, İsmayılın övladları - Bəhlul xanı, Beytulla xanı, Rəşid xanı Sovet hökuməti zülmə düçar etdi, axırına çıxdı. Beytulla xandan başqa, hamısı məhv oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardır. Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazırda Baş Noraşendə - Cəlilkənddə məskundur.
Bu sülalənin görkəmli şəxsiyyətlərindən biri də uzun illər ictimaiyyətimizə vətən xaini kimi təqdim olunan Əbdürəhman (Abo) Düdənginskidir. Mən Abonu 3 dəfə görmüşəm. Kəlbalı xan ona oxşayırdı. Olduqca cəsur, mərd adam idi.
1929-ci ildə Abonu komsomol sıralarından xaric edəndə gənc Əbdürəhman ona amansız mövqe tutanlar qarşısında əsəblərini cilovlaya bilməyib ağlayır və deyir ki, məni atama görə cəzalandırırsınız, axı mən onu görməmişəm, Allahın himayəsində böyümüşəm.
Beləcə, tənələrə, təhqirlərə dözməyən yeniyetmə kəndi gizlincə tərk edib Tiflisə gəlir. Tiflisdə hərbi məktəbdə oxuyan Əbdürrəhmanla tez-tez görüşərdik. Zaqafqaziya Kommunist Universitetində oxuyan naxçıvanlı tələbələrin yanına vaxtaşırı gələrdi, tələbə dostum Hüseyn Mahmudovla dostluq edərdi. Gözündə daim kədər var idi, doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq verməzdi. Zavallı bilmirdi ki, qohumlarının qarşılaşacağı müsibətlər hələ irəlidədir. Açıq danışmağı sevirdi, düz sözün aşiqi idi. Qətiyyətlə deyirəm ki, o, heç zaman el-obasına, doğma xalqına dönük çıxa bilməzdi. Hər zaman bu fikirdə olmuşam. Ə.Fətəlibəylinin atası Əli bəy Fətəlibəyli də Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi olaraq, hörmətli, tanınmış şəxsiyyətlərindən biri olub. Əli bəy Çar Rusiyasının vaxtında Türküstan, sonralar İrəvan quberniyasının sərhədi boyu zabit kimi xidmət etmişdir. İrəvan quberniyasında olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə rus zabitini vurmaq istəmişdir. Oradakı zabitlər Əli bəyi sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam (Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: “Biz gələn günün sabahı zabitlər yığıncağında axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarısında keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər”.
Atası belə faciəvi surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı var idi. F.Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasında zabit olmuşdu. 1935-36-cı illər Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.
Ədrürrəhman bəy Fətəlibəyli Düdənginski xanımı Leyla Qazıyeva və övladları Əli ilə.
Qeyd edək ki, Ə.Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordu hissələri Pribaltika respublikalarını işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.
Düdənginski haqda onunla tanış olan insanların, demək olar ki, hamısının fikirləri xeyli yüksək olub. Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı: “O, heyrətedici bir aydın ağıla və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik”.
Mühacirət illərində Sovet rejiminə qarşı ideoloji mübarizə aparmış, “Hakimiyyətin texnologiyası”, “Partokratiya”, Stalin və Beriya haqqında kitablar müəllifi kimi tanınan, əslən çeçen olan Əbdürrəhman Avtorxanov Ə.Fətəlibəylini belə dəyərləndirirdi: “Hardasa 1943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Komandanlığının (OKV) qəbulunda qafqazlı görkəmində, Sovet hərbi əsiri zabiti formasında olan (xarici görkəmindən hiss edilirdi ki, düşərgədən yenicə azad olunub) bir nəfərlə qarşılaşdım. Qəbul otağında adamlar çox idi və bir qədər tərəddüddən sonra ona yaxınlaşıb qafqazlı olub-olmadığını soruşdum. Gözlənilməz sualdan səksəndi və cavab vermək əvəzinə eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim etdim. O da dedi ki, keçmiş Sovet ordusu mayoru, azərbaycanlı Əbo Düdənginskidir. Həmin vaxtdan bizim dostluğumuz başladı. İnanıram ki, Abonu ömründə bir dəfə görən şəxs bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun şəxsi ünsiyyəti, şahzadəliyi, çətinliyə düşən bir şəxsə köməyə hazırlığı hamını heyran edirdi”.
Onun alman əsirliyindəki həyatı, fəaliyyəti barədə söz açanda isə mütləq araya İkinci Cahan Savaşı dövründə Reyxin yaratdığı legionlar məsələsi düşür. Bu baxımdan, ümumiyyətlə, legionlarla bağlı bir para məqamlara da aydınlıq gətirmək gərəkdir. Ancaq bəri başdan bir haşiyə çıxaq ki, Azərbaycanda adıçəkilən məsələ ən az araşdırılmış sahələrdən biridir. Bu gün əlimizdə legionlar, o cümlədən Azərbaycan legionlarıyla bağlı iki geniş araşdırma var. Bunlardan biri xatırlatdığım kimi Nəsiman Yaqubun “Azərbaycan legionerləri” kitabı, bir də MTN əməkdaşı, tarix elmləri namizədi Məmməd Cəfərlinin arxiv materialları və dərin araşdırmalar hesabına ərsəyə gətirdiyi Azərbaycan legionerlərinin bədii yaradıcılığından bəhs edən monoqrafiyasıdır. Və bəndəniz sizə təqdim etdiyi bu məqalələrdə bir sıra rus, əcnəbi müəlliflərin əsərləriylə yanaşı, adıçəkilən müəlliflərin də tədqiqatlarından bəhrələnib, bəhrələnəcək.
Beləliklə, keçək legion məsələsinə.
Davamı var…
19.12.2017 11:20 0 344
Комментарии
Отправить комментарий