(Ermənilərin) Böyük yalanı və Malta məhkəməsinin həqiqətləri
Böyük yalanı və Malta məhkəməsinin həqiqətləri - ARAŞDIRMA
Ermənilərin 24 aprel həşiri: tarixi gerçəklik necədir?
“Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü vardır – o da hakimiyyət üçün yeni bir fürsətdir, ermənilərə üz vermiş ağır çətinliklərin, faciələrə gətirib çıxara biləcəyinin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür.”
İngilis yazıçısı və publisisti S.F.Dikson-Conson tərəfindən 1916-cı ildə yazılmış “Ermənilər” kitabından
GİRİŞ: Yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin soyqrım termini təklif edənə qədər dünya siyasətçiləri və hüquqşünasları bu cür cinayətlərə konkret bir ad verməmişdi. İlk dəfə 1944-cü ildə Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi surətdə məhv edilməsi siyasətini ifadə etmək üçün “soyqırım” terminini işlətdi. Yunan dilində genos – “nəsil, kök, soy” sözü ilə latın dilində caedo – “öldürürəm” sözlərinin birləşməsindən “genosid” termini belə yarandı. İndiyə qədər dünyanın bir çox ölkələri “genosid” terminini tərcümə etmədən orijinalda işlədirlər. Azərbaycanın siyasi və hüquqi leksikonuna isə 1990-cı illərdə “soyqırım” kimi daxil olan bu termin insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir. Hansı dildə işlənməsindən asılı olmayaraq, cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqi və ya dini qrupun soyunun, kökünün kəsilməsini əks etdirir.
Tarixi faktlar və sənədlər sübut edir ki, erməni millətçiləri xəyali “böyük Ermənistan”ı yaratmaq üçün ayrı–ayrı zamanlarda tarixi faktları saxtalaşdıraraq, özlərini guya soyqırıma məruz qalan tərəf kimi göstərmişlər. Lakin faktlar göstərir ki, ermənilər bütün zamanlarda azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui–qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.
Tarixi keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan ermənilər hər yerdə geniş təbliğat apararaq, uydurma “erməni soyqırımı”nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.
Türkiyənin Xarici İşlər Naziri olmuş Qabriel Norandukyan Lozanna konfransına Türkiyənin göndərdiyi heyətin rəhbəri İsmət paşa ilə arasında aşağıdakı dialoq olmuşdur:
- Biz bir erməni yurdu istəyirik.
- Necə bir erməni yurdu?
- Türkiyənin bir yerini ayıracaqsınız.
- Türkiyənin harasında istəyirsiniz? Şərqindəmi, cənubundamı, yoxsa qərbindəmi?
- Harada olursa olsun, erməni yurdu olaraq bizə bir yer verin, biz də orada toplanaq, orada yaşayaq...
(Karakoç, Ercan, “Osmanlı Hariciyesinde Bir Ermeni Nazır: Gabriyel Noradunkyan Efendi”, Uluslararası İlişkiler, Cilt 7, Sayı 25 (Bahar 2010), s. 157-177.)
Bəs uydurma “erməni soyqırımı” məsələsi haradan yaranıb?
Tarixən məlumdur ki, “erməni məsələsi” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, Türkiyənin torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci Dünya Müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta 1914–cü il oktyabrın 29–da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar.
Türkiyənin tanınmış tədqiqatçı alimi, professor İsmail Ürçelik “Ermeni iddiaları ve gerçekler” adlı kitabında göstərir ki, Birinci Dünya Müharibəsi ərəfəsində və müharibə illərində ermənilər öz istəklərini gerçəkləşdirmək üçün Rusiyadan dəstək alırdılar. Rusiya vəd etdi ki, yeni bir Ermənistan qurulmağa kömək edəcək. Bundan sonra Türkiyə ərazisində yeni–yeni erməni hərbi alaylarının təşkili prosesi sürətlənirdi. Bu alaylara erməni liderləri başçılıq edirdilər. Hətta bu erməni hərbi birləşmələrinin fəaliyyətini əlaqələndirmək üçün Tiflisdə Erməni Uluslararası Bürosu yaradıldı. Bir çox xarici ölkələrdən gələn ermənilər hesabına könüllü hərbi birləşmələrin sayı getdikcə çoxalırdı. Qısa zamanda Rusiyadan, İrandan, Amerikadan, İngiltərədən, Fransadan, Bolqarıstandan, Rumıniyadan və hətta Buxaradan gələn ermənilər könüllü erməni alaylarına daxil olurdular. Onlara xüsusi təlimat keçirdilər. Təqribən 180 minə qədər erməni belə təlim keçmişdi. Təlim keçən erməni casuslarına təxribat işləri ilə məşğul olmaq, adam öldürmək, türk ordusuna arxadan zərbə vurmaq tapşırığı verilmişdi. Bu ordunun qarşısında iki əsas tapşırıq aşağıdakı idi ki, ermənilərin hökümət tərəfindən köçürülməsini labüd etdi:
Sənəd No: 1
"İlk öncə rus dövləti ordusunun qarşı tərəfdən Ərzuruma doğru hərəkəti ilə hücuma keçəcək orduya qarşı türklərin mücadələyə məcbur olacaqları təbii olduğuna görə bu fürsətdən istifadə etmək üçün geridə hazırlıq görmüş qəhrəman erməni çətələri (partizan dəstələri) Türk ordusunu arxa tərəfdən vurmaqla iki tərəf arasında qalan düşmənin hamısının beş yaşından böyük olanları ilə birlikdə yox və qətl edilmələri qərara alınmışdır."
Sənəd No: 2
"Öncəki qərarda hər nə qədər 5 yaşından böyük olanların kəsilməsinə qərar verilmişsə də, bu beş yaşındakı uşaqların nüfuz etibarilə əhəmiyyəti 9 qabaqcadan görmək və irəlidə mənsub olduqları milləti yada salaraq gələcəkdə erməni milləti üçün bir təhlükə təşkil edəcəklərinə görə iki yaşından böyük olanların kəsilmələrinə birlikdə qərar verilmişdir."
(ALBÜM - 1916 - Ermeni Amal ve Harekat-ı İhtilaliyesi Tesavir ve Vesaik Albüm No. 1 Osmanlıca - Fransızca - Almanca - İngilizce izahatlı, Yayınevi, Matbaa-i Amire- Ahmed İhsan ve Şürekası,Sayfa sayısı : 64, Basım Tarihi 1916)
Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhv edilməsi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi.
Bir şey də maraqlıdır ki, ermənilərin respublika elan edəcəyindən 2 gün qabaq - 1915-ci il aprel ayının 22-də Eçmiədzin katolikosu ABŞ prezidenti Vilsona belə bir teleqram vurmuşdu: “Erməniləri türk fanatizminin özbaşınalığından xilas edin”.
Osmanlı dövləti bu vəziyyət qarşısında ilk tədbir olaraq ordudakı erməni əsilli əsgərləri döyüşən hissələrdən çıxarıb, arxa xidmətlərə verdi. Daxili işlər naziri Tələt bəyin imzasıyla 24 aprel 1915-ci ildə bir fərman verildi və dərhal erməni silahlıları haqqında əməliyyat başladıldı. Buna görə erməni komitələrinin başçıları həbs olunacaq və hərbi məhkəmələrə sövq ediləcəkdi. Bu dəyişikliklər nəticəsində İstanbulda yaşayan 77735 ermənidən 2435-i həbs olundu, dəstə başçıları hərbi məhkəmələrə çıxarıldı.
24 aprel 1915-ci ildə erməni hərəkatına rəhbərlik edən 600 nəfər erməni yazıçı, şair, jurnalist, siyasətçi, həkim, vəkil, hüquqşünas, müəllim, alim və ruhaninin həbs edilməsi erməni millətçi ekstremistlərini bərk narahat edirdi. Çünki bu şəxslərin uzun müddət həbsdə saxlanılması “erməni məsələsi”nin öz istiqamətini itirməsi və bununla da erməni hərəkatının əsas liderlərinin zərərsizləşdirilməsi ilə nəticələnə bilərdi. Odur ki, həmin tarixdən etibarən ermənilər aprelin 24-nü soyqırımı günü kimi qeyd edirlər.
Fransa və Böyük Britaniya Osmanlı İmperiyasında “Müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlara görə” təhqiqatlar aparıb, 147 məmur və yüksək rütbəli zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edilib və Böyük Britaniyanın qanunları əsasında onların üzərində mühakimə qurulub. Mühakiməni əsasən İngiltərənin baş prokurorluğu aparıb və Maltadakı Türk məhbuslara aşağıdakı ittihamlar irəli sürlmüşdür:
1. Sülh şərtlərinə tabe olmamaq (Mudros anlaşması bəndlərinə).
2. Bu şərtlərin yerinə yetirilməsinə mane olmaq.
3. İngilis komandirlərinə və zabitlərinə nalayiq hərəkət etmək.
4. Əsirlərə pis münasibət göstərmək.
5. Türkiyədə və Transqafqazda ermənilərə və digər əsillərə zülm etmək.
6. Talançılıqda iştirak etmək, mülkiyyətə ziyan vurmaq və s.
7. Müharibə qanun və qaydalarını başqa hər hansı bir formada pozmaq.
(British Archives: PRO—F.O. 371/ 4172 Private and confidential: February 28, 1919)
Malta sürgünündə olanları günahlandırmaq üçün istifadə olunan əsas mənbə, erməni Patriarxlığının hesabatlarıdır. Patriarxlıq "100 Cinayətkar Türk" adlı bir hesabat vermişdir. Ondan sonra başqa hesabatlar da qələmə almışdır. Ingilislər əvvəl bu hesabatları əsas götürmüşlər. "Türkiyədə ən çox nifrət edilən ingilis" - deyə səciyyələndirilən ingilis tərcüməçisi Ryan ilə İngiltərənin İzmir Baş Konsulu Ser H. Lamb da Patriarxlığının hesabatlarını təsdiq edirlər. Beləliklə, bir ittihamnamə yaradılmışdır. İttihamnamələr, yer yer başqa qaynaqlarla da əlavə etmək tələb olunmuşdur. İttihatçı düşməni "Səhər" qəzeti ilə "Renesans" adlı qəzetin hökumət əleyhinə yazıları da bir dəlil olaraq alınmışdır. Bəzi Erməni şahidlərinin ifadələri də ittihamnamələrdə istifadə edilmişdir. Arada bir türk müxbirlər də görünür. Fransa və ermənilərə gizlində xidmət edən dövlət qurumlarında olan donosçular da bir dəlil kimi qəbul olunmuşdur. Yer yer İngilis zabitlərinin iddiaları da cinayət dəlilləri kimi istifadə edilmişdir.
Konkret 56 nəfərə qarşı isə "Osmanlı Xristianlarına qarşı qırğın törətmək" ittihamı cinayət işi açılır. Daha açığı, bu adamların guya erməniləri öldürmüş və öldürmüş olduğu ittihamı irəli sürülür. Amma bu iddianı təsdiqləyəcək bir cinayət əməli, bir hadisə göstərilməmişdir. Bütün yazılanlar havada qalan, təbliğat xarakteri daşıyan sözlər olduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməmişdir.
Qeyd edək ki, 1920-ci ilin avqustunda bağlanmış Sevr müqaviləsi özündə uydurma “erməni soyqırımı” ilə bağlı bir neçə maddə ehtiva edirdi. Hətta müqavilənin 230-cu maddəsi Osmanlı hökumətindən bir sıra yüksək rütbəli generalın, siyasətçi və ziyalıların müttəfiq dövlətlərin yaratdıqları Malta Tribunalına təhvil verilməsini tələb edirdi. (Sevr müqaviləsinə 88, 89 və 230-cu maddələrlə ABŞ prezidenti Vudro Vilsonun sərhədlərini müəyyən etdiyi, dənizə çıxışı olan erməni dövləti daxil edilmişdi.)
Maltada tutulan məhbuslardan əsas sorğular aşağıdakı şəxslər üzərində aparılırdı:
1. Atif Bəy
2. Müəmmər Bəy
3. Zəkəriyyə Bəy
4. Rza Bəy (Bursa mebusu)
5. Rza Bəy
6. Midhəd Şükrü Bəy
7. Sudi Bəy
8. Şükrü Bəy
9.Tahsin Bəy
10. Tofiq Hadi Müəllim
11. Sabri Bəy
12. Əli İhsan Paşa
13. Memduh Bəy
14. Asım Bəy
15. Xəlil Sezai Bəy
16. Ziya Gökalp
17. Hacı Adil Bəy
18. Xəlil Menteşe
19. Əhməd Ağaoğlu
20. Əhməd Nəsimi Bəy
21. Sabit Bəy
22. İzmitli Rifat Əfəndi
23. Fevzi Bəy
24. Mayor Nevzat Bəy
25. Əhməd Bəy
26. Macit Bəy
27. Mayor Həzm Bəy
28. Midhəd Akif Bəy
29. Fərid Bəy
30. İbrahim Bəy
31. Şükrü Qaya Bəy
32. Hüseyn Cahit Bəy
33. Salah Cimcoz Bəy
(British Archives: PRO—F. 0. 371/ 4173/47913)
Ermənilər və onlara havadar olan Fransa İngiltərə Xarici İşlər Nazirliyindən və Kral Prokurorluğundan Maltadakı məhbus Türklər əleyhinə "hüquqi deyil, siyasi bir qərar verilməsini" istəyirdi. Məqsəd bu qərara saxtakarlıq edilməsi, məhbusların azad olunmaması və ermənilərin “soyqrıma” məruz qalmasını təsdiq etmək idi. Lakin Xarici işlər naziri lord Kerzon və Baş Prokurorluq hüquq çərçivəsi daxilində işlərin aparılacağını bildirdi və heç bir təyziqlə istintaqın qərarının dəyişməsinə razı olmadı. (PRO—F.O. 371/ 6502/ E. 5845:Procurator General Department to Foreign Office. May 20, 1921)
Haşiyə: Britaniyanın xarici işlər naziri olan Lord Kerzon sonra çıxışlarının birində deyəcəkdi: “Ermənistan Fransaya verilməlidir, çünki Fransadan başqa heç kim və heç bir formada bu qeyri-adi, iyrənc və çirkin insanlarla iş görmək istəməz. Siz erməniləri 8 yaşında bakirə qız kimi təsəvvür edirsiniz? Siz tamamilə səhv mövqedəsiniz. Ermənilər öz qəddar davranışları ilə nə qədər qaniçən xalq olduqlarını göstərdilər. Dünyanın bu bölgəsində ermənilər, hətta son həftələrdə də bəzi kəslərin sandığı kimi, günahsız quzular kimi davranmamışlardır. Hal-hazırda əlimdə onlar tərəfindən son dərəcə vəhşi və qana susamış tərzdə işlənmiş vəhşiliklərlə bağlı bir çox sənəd var. Unudaq bunu. Şimali Ermənistandakı ermənilərin nə soyqırım, hətta nə də hücum təhlükəsində olduqlarına inanmıram".
Malta məhkəməsində iştirak edən İngiltərənin İstanbuldakı baş komissarı ser Rumbold Lord Kerzona göndərdiyi telqramda yazır: “O, hər bir saxlanılan şəxs barəsində məlumatları xüsusi zərfdə göndərib. Bununla yanaşı, o qeyd edib ki, müttəfiq və neytral dövlətlərlə yanaşı bir çox ölkələrə istintaqa kömək məqsədi ilə müraciət edlib. Hadisələrin baş verdiyi günlərdə orda olan Amerikalı agentlər və hərbiçilərin də qeydləri üçün Vaşinqtona məktub göndərilib, lakin onlar bir çox sənədləri özlərində saxlayırlar. Ən təəccüblüsü isə erməni kilsəsinin bizim müraciətləriməz laqeyid qalması, onlarda olan materialların verilməyəcəyini deyib və “prokuroluq özü axtarıb tapsın” cavabın veribdir”. (PRO—F.O. 371/ 6500/ E. 3552 Rumbold to Curzon, No: 268 March 12, 1921 və PRO—F.O. 371/ 6499/ E. 3197 Rumbold to Curzon, Telegram No: 178 dated March 13, 1921)
Qeyd edək ki, 31 mart 1921-ci ildə Lord Kerzon Britaniyanın Vaşinqtondakı səfirinə aşağıdakı məzmunda teleqram göndərib:
"Ermənilərin kütləvi qətlində iştirakda ittiham olunan türklər bizim əlimizdədir. Təqsirin sübut edilməsində böyük çətinliklər var. Əgər Birləşmiş Ştatlar hökumətinin əlində məhkəmə istintaqı üçün əhəmiyyətli olan hər hansı sübutlar varsa, xahiş edirəm bizə təcili göndərin". (BritishArchives. PRO—F. 0. 371/6500/ E.3552, Curzon to Geddes Telegram No 176, dated March 31, 1921.)
Vaşinqtondakı Böyük Britaniya səfiri 1921-ci il iyulun 12-sı Amerikada apardığı araşadırmalardan sonra əldə etdiyi məlumatlarla bağlı Lord Kerzona yazmışdır: “Əlahzrət, Sizin Maltada mühakimə edilən məhbus Türklərlə əlaqədar olaraq, iş yoldaşlarımdan biri dünən, 12 İyul günü, Amerikan Xarici İşlər Nazirliyinə gedib. Ermənistanda edilən zülmlərlə bağlı Amerika konsullarının hesabatlarının nəzərdən keçirməsinə icazə verilib. Bu hesabatlar Əlahəzrət Hökumətinin məqsədinə ən çox yarayacaq deyə incələnmişdir. Təəssüflə çatdırım ki, bu sənədlərin içində mühakimə olunmaq üçün Maltada həbsdə olan Türklər əleyhinə dəlil kimi istifadə oluna biləcək heç bir şey yoxdur. Nəzərdən keçirilən hesabatlarda, sözügedən Türk əməkdaşlarından yalnız iki nəfərin Sabit Bəy ilə Süleyman Faiq Paşanın adları var, bunlar haqqında yazılanlar da hesabatları qələmə alanların şəxsi düşüncələrini aşmır və cinayət dəlili ola biləcək heç bir konkret göstərilmir.
Onu da əlavə etməklə iftixar edirəm ki, Amerikanın Dövlət rəsmiləri çıxış zamanı, verəcəkləri məlumatların heç birinin bir hüquq məhkəməsi qarşısında istifadə edilməməsi arzusunda olmuşlar. Bu baxımdan və Amerika rəsmilərinin əlindəki sənədlərdə heç bir şəkildə Türklər əleyhinə dəlil tapa bilmədik və qorxuram ki, bu barədə yenidən Amerika Hökumətinə müraciət edilməsindən hər hansı bir şey əldə etmək ümidi yoxdur". (" (RO-FO 371/6504/E.8515: Craigie, British Charge d’ Afaires at Washington, to lord Curzon, No.722 of July 13, 1921)
Malta Valisi Mareşal Plumer Londona 12 fevral 1921-ci ildə yazır: “Nazirlərə, deputatlara və başqa şəxslərə ünvanladıqları ərizələrinin cavabsız qaldığından və özlərini müdafiə imkanlarının özlərinə tanınmamasından şikayətlənirlər. Əllərindəki dəlillərin xülasəsini, ya da heç olmasa nə ilə ittiham etdiklərinin özlərinə bildirilməsini istəyirlər ki, bunlara bəlkə də qarşılıq verəcəklər. Sülh sazişləri ratifikasiya olunmadan əvvəl buraxılan və yurdlarına geri göndərilmiş olan Alman, Avstriyalı və Bulqar müharibə cinayətkarlarının vəziyyətləri öz vəziyyətlərini ziddiyyətli tapırlar. Bu siyasəti dini bir zülm olaraq görürlər və bunun təkcə Yaxın Şərqdə deyil, bütün İslam dünyasında da əks-sədaları olacağını irəli sürürlər.
Bu halda bunları təklif edirəm:
- Bəzi məhbusların sərbəst buraxılması yolundakı Ali Komissarlığın 9 Dekabr 1920 günlü tövsiyələrinin dərhal həyata keçirilməsi.
- "A" sinifində deportasiyaların hansı cinayətlə mühakimə olunacaqlarını və dəlillərin xülasənin, uyğundursa, özlərinə bildirilməsi.
- Bu əsirlərin nə vaxt mühakimə olunacaqlarını bildirilməsi”.
32 ay davam edən məhkəmədə həmin şəxslərə bəraət verilib və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib. 29 iyul 1921-ci ildə belə qərar verilib:
"Bu günə qədər, məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmamışdır. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş prokurorluğu "kütləvi öldürmə" iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığına, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut dəyəri olmadığı, ona görə də kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır”.
Maltaya sürgün edilib ittiham edilənlər, nəhayət, Atatürk sayəsində xilas olmuşlar. Sürgün illəri onlar üçün bir xatirə olaraq qalır. Bir-iki il ailələrindən ayrı, dövlət işlərindən uzaq, şəxsi azadlıqdan məhrum olaraq keçirmişlər, çətinlik çəkmişlər. Onlar sonra İngiltərə hökumətinə qarşı təzminat davas açsalar da, nəticə əldə etməmişlər.
Son olaraq bildirək ki, erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915-ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər.
“Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırım” onların alver predmetinə çevrilib. “Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla, erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir.
Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, “soyqırım əfsanəsindən” məharətlə istifadə edirlər.
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Комментарии
Отправить комментарий