Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib Sarkisyan Azərbaycandan neft alan ölkələri şantaj etməyə başladı "Bilirsinizmi neftə görə verdiyiniz pullara nə alırlar?"

Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib
Sarkisyan Azərbaycandan neft alan ölkələri şantaj etməyə başladı
"Bilirsinizmi neftə görə verdiyiniz pullara nə alırlar?"

Bilindiyi kimi, Ermənistan və Türkiyənin imzaladığı Sürix protokolları Ankara ilə Vaşinqton arasında da ciddi ziddiyyət predmetinə çevrilib. ABŞ heç bir ilkin şərt olmadan Türkiyə tərəfini protokolları ratifikasiya etməyə çağırır. Ankara Qarabağ işğalına və Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmayana kimi protokolların parlamentdə ratifikasiyasının mümkünsüz olduğunu bildirir.

Bu vəziyyətdə isə Ankara ilə Vaşinqton arasında ziddiyyətin daha da artacağı bildirilir.

Lakin Ermənistanda belə hesab edirlər ki, Vaşinqton protokolların ratifikasiyası üçün İrəvana da təzyiqləri artırır.

Ermənistan Milli Konqresinin üzvü Vladimir Karapetyan Serj Sarkisyanın Londondakı çıxışına münasibət bildirərkən bununla bağlı qeyd edib: "Ermənistan parlamentində erməni-türk protokollarının ratifikasiyası müəyyən mənada ABŞ-ın təzyiqindən asılıdır". Onun sözlərinə görə, İrəvandan fərqli olaraq, Türkiyə tərəfi Vaşinqtonun təzyiqinə başqa cür reaksiya verir: "Faktiki olaraq, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin Ermənistana səfərindən sonra Serj Sarkisyan protokolların ratifikasiyasına hazır olduğunu ifadə etdi. Erməni tərəfinin hərəkəti bizi bu prosesi qarışdırmaqda günahlandıran Türkiyə tərəfilə eyni deyil. Biz özümüzü vəziyyətə uyğun aparmalıyıq". Qeyd edək ki, Serj Sarkisyan Londondakı çıxışında ratifikasiya prosesinin başlanması üçün protokolları parlamentə göndərdiyini bildirib. Bundan başqa, o, Ankaranın da bu addımı atmasından sonra sənədlərin erməni parlamentində ratifikasiyasına zəmanət verdiyini vurğulayıb. "Çatham Hauz" Siyasi Araşdırmalar Mərkəzində söylədiyi nitqində Ermənistan rəhbəri onu da vurğulayıb ki, sənəd Türkiyə tərəfindən ratifikasiya ediləndən sonra müzakirəyə çıxarılacaq və paraflanacaq. Lakin Sarkisyan deyib ki, sərhədin açılması problemi Dağlıq Qarabağla əlaqələndirilsə və bu səbəbdən Türkiyə öhdəliklərinə əməl edilməsini uzatsa, barışıq prosesini dayandırmağa hazırdır: "Türkiyə ratifikasiyanı birinci etməlidir. Belə ki, mən protokolun Ermənistan parlamenti tərəfindən paraflanacağına zəmanət verirəm".

Xatırladaq ki, məsələ ilə bağlı Sarkisyan fevralın 8-də Türkiyə prezidenti Abdulla Gülə məktub göndərib. Artıq Türkiyə prezidenti bu günlərdə ona müraciət etmiş erməni həmkarı Serj Sarkisyana cavab verib. Türkiyənin "Zaman" qəzetinin yazdığına görə, Gül məktubunda Serj Sarkisyana "Türkiyə hava məkanından keçməsi münasibətilə göndərdiyi nəzakətli ismarışa görə" təşəkkür edib. Abdulla Gül qonşu Ermənistan xalqına salamlarını da çatdırıb.

O, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikirlərini də bildirib: "Əlaqələrin normallaşdırılmasına yönəlmiş cəhdlərimizin münaqişələrlə yoğrulmuş coğrafiyamızda yeni bir sülh ümidi doğuraraq dünya miqyasında haqlı marağa səbəb olduğu fikrinə şərikəm. Qonşu xalqlarımız arasında uzun müddətdir mövcud olan stereotiplərin aradan qaldırılması ilə qarşılıqlı anlayış və etimadın yaradılması bizim əsas məqsədimiz idi. Bu məqsəd və öhdəliklərdəki eynilik qorunub saxlanırsa, bizim də bu qayələri irəli aparmaq sahəsində qərarlı olduğumuza şübhə etməyin. Məsuliyyətli idarəçiliyin verilən sözlərin arxasında durmağı və sözlərin əməllərlə üst-üstə düşməsini tələb etdiyi düşüncəsinə də qatılıram. Normallaşma prosesini ölkələrimiz arasında əldə edilən razılıq əsasında irəli aparmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Bu tarixi prosesi sona çatdırmağın, öhdəlikləri tam şəkildə yerinə yetirməklə bərabər, yetərli siyasi cəsarət də tələb etdiyinin fərqində olmalıyıq".

Abdulla Gülün məktubunda deyilir ki, bölgədə yaşayan bütün xalqlar üçün daimi sülh, təhlükəsizlik, rifah və əməkdaşlıqdan ibarət bir gələcək qurulması ortaq hədəfdir.

Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz isə bildirir ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi Ermənistan - Azərbaycan münasibətlərilə bağlıdır və rəsmi Ankara bu mövqeyində israrlıdır. O bildirib ki, yalnız rəsmi İrəvan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəyi və Azərbaycanın işğal altındakı torpaqlarını boşaldacağı təqdirdə Böyük Millət Məclisi "Sürix protokolları"nı ratifikasiya edə bilər.

"Çatham Hauz" Siyasi Araşdırmalar Mərkəzində söylədiyi nitqində isə Serj Sarkisyan Dağlıq Qarabağ məsələsilə bağlı bir sıra maraqlı açıqlamalar verib: "Təhlükəsizlik haqqında nitqləri mən az qala 20 ildən də əvvəl Dağlıq Qarabağda hazırlamağa başlamışam. Məsələnin yalnız beynəlxalq hüquq, millətlərin öz müqəddərətını həll etmə, ərazi bütövlüyü və güc tətbiq etməməmək prinsipləri kontekstində həlli var".

Daha sonra ərazi bütövlüyü məsələsində sərsəmləyən Serj Sarkisyan qeyd edib: "Özünü ərazi bütövlüyünün tərəfdarı hesab edənlərə: bəs Sovet İttifaqı dağılan zaman sərhədlər dəyişəndə harda idiniz? Harda idiniz Yuqoslaviya bölüşdürüləndə? Niyə zənn edirsiniz ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxa bilərdi, Dağlıq Qarabağ isə yox? Niyə zənn edirsiniz ki, böyük imperiyalar parçalanmalı, kiçiklər isə qalmalıdır? Əsası nədir? Sabitsizlik? Anlamıram, qəbul etmirəm. Çünki sabitsizliyin ən böyük əsası ədalətsiz qərarlardır".

Serj Sarkisyan onu da bildirib ki, Cənubi Qafqazda silahlanma yarışı sürətlə davam etməkdədir: "Bu çox təhlükəlidir. Cənubi Qafqazın bütün xalqları üçün, Avropa üçün və bölgədə mənfəəti olan hökmranlar üçün, Qafqazda sərmayə qoymuş korporasiyalar üçün. Hamı üçün.

Adi silahlar üçün bütün yol verilən ölçüləri aşan Azərbaycana bu gün heç bir ciddi qiymət verən yoxdur. Zənn etmirəm ki, neft almaq üçün külli miqdarda pul xərcləyən qabaqcıl ölkələr pullarının nəyə sərf olunduğu məsələsinə biganə olmalıdır. Həqiqət ondadır ki, sonradan məhz bu pullar artıq şahidi olduqlarımızdan daha böyük təhlükələrin mənbəyi ola bil?r".

Ermənistan prezidenti hesb edir ki, müharibə ritorikası Qafqazda şiddətlətməkdədir.


Sahil QULİYEV

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами